Antibiotiklər tibbin ən əhəmiyyətli kəşflərindən biridir. Lakin onların gücü yalnız düzgün istifadə edildikdə qorunur. Bu gün ən aktual problem antibiotikin olmaması deyil — lüzumsuz istifadə nəticəsində təsirini itirməsidir.
Əsas qayda
Antibiotiklər yalnız bakterial infeksiyalara təsir edir. Viruslara heç bir təsiri yoxdur. Adi soyuqlama, qrip və bir çox tənəffüs yolu infeksiyası virus mənşəlidir — bu hallarda antibiotik fayda vermir, lakin zərər verə bilər.
Ən çox edilən üç səhv
- Həkim məsləhəti olmadan qəbul etmək
- Dozanı özbaşına dəyişmək
- Müalicəni vaxtından əvvəl dayandırmaq
Üçüncü səhv xüsusilə geniş yayılıb. Əlamətlərin keçməsi infeksiyanın tamamilə sağaldığı demək deyil. Yarımçıq dayandırılan müalicə həm xəstəliyin qayıtmasına, həm də davamlı bakteriya ştammlarının seçilməsinə yol açır.
Rezistentlik nədir?
Antibiotikə davamlılıq (rezistentlik) bakteriyaların antibiotikin təsirindən qorunmaq qabiliyyəti qazanmasıdır. Nəticə: gələcəkdə həqiqətən ciddi bir infeksiya zamanı əlinizdə olan dərman işləməyə bilər. Bu, fərdi deyil, ictimai problemdir — davamlı bakteriyalar insandan insana ötürülür.
“Təhlükəsiz antibiotik” varmı?
Xeyr. Geniş istifadə olunan preparatların “tam təhlükəsiz” olduğu düşüncəsi yanlışdır. Hər antibiotik yalnız həkim təyinatı ilə və bakterial infeksiya təsdiqləndikdə və ya klinik olaraq əsaslı şübhə olduqda tətbiq edilməlidir.
Antibiotikin lazım olduğu necə müəyyən edilir?
Klinik müayinə və laborator göstəricilər birlikdə qiymətləndirilir: ümumi qan analizi, CRP, lazım olduqda prokalsitonin, şikayətə uyğun şəkilləndirmə və nümunə müayinələri. Mümkün olduqda törədici müəyyən edilir və antibiotikə həssaslıq təyin olunur — bu, hədəflənmiş müalicəyə imkan verir.
Antibiotikdən sonra
Uzunmüddətli antibiotik müalicəsindən sonra bağırsaq mikroflorasının balansı poza bilər. Köp, qaz və dəyişkən nəcis kimi şikayətlər yaranarsa, bərpa planı fərdi olaraq hazırlanır.
Bu yazı ümumi maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir. Diaqnoz və müalicə qərarı yalnız fərdi müayinə əsasında verilir.
Digər yazılar
Bruselyoz: heyvandan keçən gizli infeksiya
Uzun sürən qızdırma, gecə tərləmələri və oynaq ağrıları — bruselyoz çox vaxt başqa xəstəliklərlə qarışdırılır.
Parazitar infeksiyaların əlamətləri nələrdir?
Həzm pozğunluğundan dəri qaşınmasına qədər — parazit əlamətləri geniş və qeyri-spesifikdir. Nəyə diqqət etmək lazımdır?
Qurd invaziyaları: əlamətlər, yoluxma və diaqnoz
Qurd invaziyaları yalnız uşaqlarda deyil, böyüklərdə də rast gəlinir. Əlamətlər çox vaxt qeyri-spesifik olur — bəs necə aşkarlanır?